XƏBƏRLƏR

AZƏRBAYCANIN 4 OTELI BEYNƏLXALQ OTELLƏR KOLLEKSIYASINA QOŞULUB


Bakı – 18 dekabr 2014-cü il. 

“ABSHERON Hotel Group” tərəfindən Şahdağ dağlıq kurortu ərazisində idarə edilən iki lyuks “Pik Palace Şahdağ” və “Park Chalet Şahdağ” otelləri “Marriott” brendinin xüsusi portfeli sayılan eksklyuziv və müstəqil lyuks otel və kurortların cəmləşdiyi “Autograph Collection”ın rəsmi üzvü olub. Bakıda açılacaq “Boulevard Hotel Bakı” və “Intourist Hotel Bakı” otelləri isə 2015-ci ilin iyun ayından etibarən “Autograph Collection”a qoşulacaq.

 “ABSHERON Hotel Group” tərəfindən idarə olunan otellərin belə mötəbər beynəlxalq qrupa daxil olması şərəfli addımdır. Belə ki, sözügedən qrupa keyfiyyətli xidmət göstərən, müasir səyahətçiləri yüksək səviyyəli komfortla təmin edən və orijinallıq meyarlarına görə seçilmiş xüsusi otellər üzv ola bilir.

“Pik Palace Şahdağ” (Dekabr, 2014)

Şahdağ dağlıq kurortunun əzəmətli dağları arasında yerləşən “Pik Palace” oteli Qusara yaxın məsafədə yerləşir. Qusar tarixən Azərbaycanın Şimal Qapısı olmuş və Avropa, Rusiya, Yaxın Şərq və Mərkəzi Asiyanı birləşdirən körpü rolunu oynayıb.

Lyuks otel və kurort kompleksləri üzrə ixtisaslaşan aparıcı “Reardon Smith Architects” memarlıq şirkəti tərəfindən layihələndirilmiş “Pik Palace” oteli heyrətamiz mənzərə və müstəsna xidmət səviyyəsi ilə unudulmaz istirahət təklif edir. Otel qonaqlarına geniş çarpayılar, rahat qonaq və iş guşələri, həmçinin lyuks nömrələr təqdim edir. Böyük ölçülü mərmər hamam otaqlarında quraşdırılmış ikigözlü əlüzyuyan, böyük hamam vannası, duş kabini və ayrıca tualet sahəsi fərdi və ailələr üçün maksimum rahatlığı təmin edir. Əlavə olaraq, hər bir otaq döşəmədən tavana qədər uzanan pəncərələr və fransız eyvanları ilə dağlara möhtəşəm mənzərə açır.

“Pik Palace” otelinin “Chocolat Patisserie”, “Alpina Brasserie and Wine Bar” və “Fujisan” kimi restoran, bar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün unikal vəhdət yaradır. Mənəvi zənginlik və istirahət üçün qonaqlar “The Club Fitness & SPA”da aromatik prosedurlardan yararlana bilərlər.

“Park Chalet Şahdağ” (Dekabr, 2014)

Bakıdan 210 km məsafədə yerləşən 164 otaqlı “Park Chalet” otelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-ın Aspen şəhərindəki xizək stilli otellərin üslubunu da özündə əks etdirir. Otelin rahat ev üslublu qonaq otaqları, həmçinin xüsusi dizayn edilmiş xalçalar, palıd panellər və digər ənənəvi əşyalar qonaqlarda unudulmaz təəssürat yaradacaq.

Şahdağ dağlıq kurortunun ən əsas qurman mərkəzlərindən olan “Park Chalet” ən yüksək mərtəbədə yerləşən “Aspen Grill” restoran, lounge və barda ləziz yemək çeşidləri və “Mocca Cafe”də içki çeşidləri ilə qonaqlara xidmət göstərir. Buxar otaqları və sauna dağ mənzərəsindən sakitləşən ruhunuzu daha da mükəmməl hisslərlə dolduracaq.

Bulvar Otel Bakı” (İyun, 2015)

Bakı buxtasının mərkəzində və şəhər mərkəzindən şərqdə yerləşən “Bulvar” otelində 818 rahat qonaq otağı olacaq. 

Otel Bakının “Ağ Şəhər” qəsəbəsinin tam mərkəzində yerləşir. Paytaxtı Heydər Əliyev Beynəlxalq Aeroportu ilə birləşdirən əsas magistral yolunun üzərində yerləşən bu otel Azərbaycanda ən böyük konfrans oteli kimi fəaliyyət göstərəcək.

“Bulvar” otelində 3 restoran, istirahət guşəsi kimi fəaliyyət göstərən lounge və Xəzər dənizinə möhtəşəm mənzərəli və gün işığı ilə işıqlanan 1300 kv m-lik geniş ziyafət zalı fəaliyyət göstərəcək. Oteldə xidmət göstərəcək 6 funksional konfrans otağları ən son texnoloji audio-vizual ləvazimatlarla təmin olunacaq. “Bulvar” otelinin sağlamlıq və fitness zalı yorğun iclas və görüşlərdən sonra istirahət etmək üçün nəzərdə tutulub.

Inturist Otel Bakı” (İyun, 2015)

Şəhərin mərkəzində, Xəzər dənizi ilə haşiyələnən və Milli Park kimi tanınan bulvara dəniz mənzərəsi olan bu butik otel 150 standart və lyuks qonaq otağı ziyarətçilərə təklif edəcək. Əsas turistik obyektlərə yaxın olması oteli şəhər mərkəzi ilə sıx əlaqələndirir.

“Inturist Otel Bakı” ən müasir standartlara cavab verən qonaqpərvərlik təcrübəsi, eleqant otaqları və restoranları ilə 80 illik canlı əfsanədir.

“ABSHERON Hotel Group” haqqında:

“ABSHERON Hotel Group” Azərbaycanda yeni otel idarəçiliyi və inkişafı şirkəti olmaq, beynəlxalq səviyyəli otel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir.

Son illərdə ölkənin sosial-iqdisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı “ABSHERON Hotel Group”un təsis olunmasını şərtləndirmiş və buna təkan vermişdir. Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lyuks səviyyəli otel və digər mehmanxana strukturlarını əhatə edir. “ABSHERON Hotel Group”un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir.

Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com

“Autograph Collection” haqqında:

“Autograph Collection”ın prizması Kolorado dağlarında 15 otaqlı butik otellərdən Praqada XIX əsrə aid neoklassik saray üslublu mehmanxanalaradək geniş çeşidli otellər qrupudur. Əminliklə demək olar ki, hər bir otel keyfiyyəti, orijinallığı, görkəmli tərzi və günümüzdə səyahət edən istənilən müasir səyahətçinin hər bir fərdi istəklərini qarşılamasından asılı olaraq seçilib. Nisbətən yeni yaranmasına baxmayaraq, “Autograph Collection”ın fərqli otellər portfeli ciddi seçim prosesi və səyahət edənlərdə fərqli xatirələr yaratmasına görə müvəffəqiyyət qazanmışdır.

Made by Sectorlight
Yuxarı